SEO Mütəxəssisi Kimdir? Vəzifə və Öhdəliklər (+ Maaş)

SEO mütəxəssisi bir veb saytı Google, Yandex, DuckDuckGo kimi axtarış motorlarında yaxşı performans göstərməsi üçün optimizasiya edən şəxsdir. SEO mütəxəssisinin əsas vəzifəsi veb saytı hədəflənən sorğularda və ya açar sözlərdə SERP-də (axtarış nəticələrində) ilk sıralarda çıxarmaqdır.

SEO mütəxəssisi olmaq üçün lazım olan bir çox məlumatı bu yazıda tapa bilərsiniz.

SEO Mütəxəssisi Kimdir?

SEO mütəxəssisi hər hansı bir veb saytın müəyyən açar sözlər ilə edilən axtarışlarda ilk sıralarda çıxmasını təmin edir. SEO mütəxəssisinin dəyişən axtarış motoru alqoritmlərinə qarşı daim məlumat sahibi olmalı və veb saytı axtarış sisteminin qaydalarına uyğun şəkildə optimizasiya etməlidir. Bu halda SEO optimizasiya olunan sayt axtarış nəticələrində ilk sıralarda çıxa bilər.

Hər bir SEO mütəxəssisi veb saytın trafikini artırmağı, saytı hədəf kütlənin gözləntilərinə uyğun şəkildə optimizasiya etməyi, istifadəçi təcrübəsini artırmağı və saytın axtarış sistemləri tərəfindən müsbət qiymətləndirilməsini təmin etməyi bacarmalıdır.

SEO mütəxəssisi ənənəvi marketinq mütəxəssisləri ilə eyni hədəfi paylaşır – satışı artırmaq. Lakin SEO mütəxəssisini marketinq mütəxəssislərindən ayıran ən böyük fərq, SEO-da eyni zamanda mühəndislik anlayışlarının da olmasıdır. Hər bir SEO mütəxəssisi axtarış sisteminin işləmə prinsiplərini bilməlidir.

SEO Mütəxəssisinin Öhdəlikləri Nələrdir?

Agentlik, şirkət-daxili və ya sərbəst işləməyindən asılı olmayaraq SEO mütəxəssisinin iş öhdəlikləri hər yerdə eynidir. SEO mütəxəssisi adətən aşağıdakı vəzifələri yerinə yetirir:

  • Şirkətin veb saytının Google və bənzər axtarış sistemlərində daha yaxşı performans göstərməsi, məzmunların axtarış nəticələrində ilk sıralarda çıxması üçün effektiv SEO strategiyasını hazırlayır.
  • SEO kampanyasının xərcini müəyyən etmək.
  • Veb saytda mövcud olan məzmunların SEO optimizasiyasını təmin etmək.
  • Yeni məzmunların yaradılmasını həyata keçirmək.
  • Detallı açar söz araşdırması etmək.
  • Sayt daxili texniki problemləri aşkar edib aradan qaldırmaq.
  • Səhifə-xarici SEO optimizasiyasını üçün yeni link fürsətləri axtarmaq və ya link qurma strategiyası yaratmaq.
  • Marketinq kampanyasının irəliləyişini ölçmək üçün hesabatlar hazırlamaq.
  • SEO kampanyasını həyata keçirmək üçün şirkət daxilindəki digər komandalar ilə əməkdaşlıq etmək.

Necə SEO Mütəxəssisi Olmaq Olar?

Bir çox SEO mütəxəssisi marketinq və ya IT sahəsində təcrübə qazandıqdan sonra SEO sahəsinə yönəlir. SEO-nu öyrənmək üçün internetdə bir çox kurs mövcuddur. Lakin birbaşa SEO öyrənməyə başlamaq yerinə, biznes və marketinq ilə bağlı ümumi məlumatlara yiyələnmək tövsiyyə olunandır.

SEO rəqəmsal marketinqin digər qolları kimi müəyyən yazılı qaydaları olan bir sahə deyil. İşin böyük bir hissəsi praktikadan ibarət olduğu üçün, SEO mütəxəssisi olmaq istəyən insanlar öyrəndiklərini öz saytlarında tətbiq edərək biliklərini təkmilləşdirirlər.

Uğurlu SEO Mütəxəssisinin Xüsusiyyətləri

Bir SEO mütəxəssisi aşağıdakıları mütləq şəkildə bilməlidir.

SEO-nun 3 pilləsi

SEO-nun üç pilləsi var və hər bir SEO mütəxəssisi hər üçü haqqında məlumat və təcrübə sahibi olmalıdır.

  • Texniki: Veb saytınızın bütün texniki aspektlərinin SEO optimizasiyasını uğurlu bir şəkildə həyata keçirmək üçün SEO mütəxəssisi texniki biliklərə sahib olmalıdır. SEO mütəxəssisi bu texniki bilikləri saytın sürətini artırmaq, indeksləşdirməni sürətləndirmək, crawl büdcəsini optimallaşdırmaq, saytın mobil-uyğunluğunu təmin etmək, veb sayt arxitekturasını və URL strukturunu yaxşılaşdırmaq üçün istifadə edəcək. Texniki SEO saytın detallı SEO auditini həyata keçirmək və texniki problemləri aşkar etmək üçün vacibdir.
  • Səhifə-daxili SEO: Səhifə-daxili SEO bacarığı saytdakı məzmunların SEO uyğunluğunu təmin etmək, detalı açar söz araşdırması etmək, açar sözləri yerində işlətmək, məzmunun SEO optimizasiyasını təmin etmək, başlıqları yazmaq, HTML teqlərindən doğru istifadə etmək və daha bir çox sayt daxili elementin SEO uyğunluğunu təmin etmək üçün lazımdır.
  • Səhifə-xarici SEO: Səhifə-xarici SEO saytın Google axtarış sistemində etibarlı, populyar və istifadəçilər üçün faydalı bir sayt kimi görünməsini təmin etmək üçün PR və link kampaniyalarını həyata keçirmək üçün vacibdir. 

Marketinq biliyi

SEO hər nə qədər böyük və kompleks bir proses olsa da, SEO-nun əsas hədəfinin satışları artırmaq olduğunu unutmamaq lazımdır. SEO şirkətin bütün marketinq fəaliyyətlərinin ayrılmaz bir parçasıdır. SEO-da uğur əldə etmək üçün mütləq şəkildə marketinq biliyiniz olmalıdır. 

SEO-da həm axtarış sistemində ilk sıralarda görünəcək həm də istifadəçinin marağını oyadacaq məzmun yaratmaq, SEO kampaniyaları həyata keçirmək marketinq biliyi tələb edir.

Əsas hədəfləri gözdən qaçırmamaq bacarığı

Digər sahələrdən fərqli olaraq, SEO-ya hər şey təsir edir. Saytınızdakı ən kiçik dəyişiklik veb sayt trafikinizin 100% itirilməsinə səbəb olacağı kimi, trafikinizi 100% artıra da bilər. Bir SEO mütəxəssisi olaraq əsas hədəfi gözdən qaçırmamaq, atdığınız hər addımın SEO kampaniyanızın əsas hədəfinə uyğun olduğunu anlaya bilmək vacib bacarıqdır.

Yüksək səviyyədə ünsiyyət və əməkdaşlıq bacarığı

SEO mütəxəssisləri satış, marketinq, dizayn və IT komandaları ilə əməkdaşlıq edərək SEO kampaniyasını idarə edir. Sayt daxili dəyişikliklər və ya texniki yaxşılaşdırmalar zamanı əlaqəli şöbələrə lazımi tapşırıqların verilməsi üçün SEO mütəxəssisinin ünsiyyət və əməkdaşlıq bacarığı olmalıdır.

Maraq və uyğunluq

Marketinqin digər qollarından fərqli olaraq, SEO təmamilə qeyri-müəyyən bir sahədir. Misal olaraq, SEO-da 1 klik üçün ödəniş edib həmin ödənişin qarşılığında almalı olduğunuz 1 kliki almırsınız. Etdiyiniz dəyişikliklərin nəticə verməsi aylar ala bilir. Eləcə də, Google tərəfindən tez-tez həyata keçirilən Google alqoritm yeniləmələri, SEO kampaniyanıza müsbət və ya mənfi yöndə təsir edə bilər.

SEO-nun qeyri-müəyyən təbiəti bir çox insan üçün çətinlik yarada bilər. SEO mütəxəssisinin maraq və uyğunluq bacarığı, mütəxəssisin bir anda meydana gələn problemlər qarşısında həyəcanlanmamasını və doğru addımları atmasını təmin edəcək.

SEO mütəxəssisi olmaq üçün səbəblər

Marketinq hər il davamlı olaraq böyüsə də, SEO marketinqin daxilində yavaş böyüyən bir sahədir. Lakin SEO ilə əlaqəli bacarıqlara və biliklərə sahib olmaq sizi həm biznes dünyasında, həm də marketinq dünyasında qabağa götürəcək.

SEO sizə yazı yazmaq bacarığı qazandırır

SEO-nun böyük bir hissəsi məzmun yaratmaqdır. Bir SEO mütəxəssisi hansı açar sözləri hədəfləməli olduğunu müəyyən etdikdən sonra istifadəçini qane edən və istifadəçidə maraq oyadan məzmunlar yarada bilməlidir. Bir müddət SEO ilə məşğul olduqdan sonra siz keyfiyyətli məzmun yazmaq bacarığını qazana bilərsiniz.

SEO sizə texniki bacarıqlar yazandırır

Bir çox SEO mütəxəssisi tək başına sayt yaratmaq, saytı davamlı şəkildə aktiv saxlamaq və saytı böyütmək bacarığına sahibdir. Bu sayədə SEO mütəxəssislərinin daima şəxsi proyektləri olur və adətən həmin şəxsi proyektlərdən pul qazana bilirlər. Bəzi SEO mütəxəssisləri texniki bacarıqlarını əlavə xidmətlər göstərmək üçün də istifadə edirlər. Sayt yaratmaq, sayt daxili texniki problemləri həll etmək və ya saytın texniki auditini həyata keçirmək bu xidmətlərdən bəziləridir.

SEO sizə biznes anlayışı qazandırır

SEO ilə məşğul olan hər bir mütəxəssis az və ya çox biznes anlayışına malik olur. Bir proyektin 0-dan 100-ə necə idarə edildiyini, proyekt daxilində atılan hər addımın biri-biri ilə necə əlaqələndirildiyini başa düşmək üçün SEO ilə məşğul ola bilərsiniz. Bir çox SEO mütəxəssisi tək başına öz bizneslərini qurub müəyyən bir yerə gətirə bilirlər.

SEO mutexessisi maasi

SEO mütəxəssisi maaşı proyektdən, şirkətdən və ya SEO mütəxəssisinin işlədiyi agentlikdən asılı olaraq dəyişir. Sərbəst işləyən bir SEO mütəxəssisi tək bir proyekt üçün 1000-2000 AZN qazana bilər. Agentlik daxilində SEO mütəxəssisi maaşları isə 1000-2000 AZN aralığındadır.