SEO Nedir? | SEO Nədir və Niyə Vacibdir? | SEO Nedir (İzah)

SEO adı ilə ilk dəfədir qarşılaşanlar üçün “SEO nedir?” sualının cavabı biraz mürəkkəb ola bilər. İnternetdə “SEO nədir?” və ya “SEO necə edilir?” kimi axtarışlar etdiyiniz zaman qarşınıza biri-birinə bənzəyən saytlar və məzmunlar çıxır. Bu məzmunların hər birində isə SEO nədir sualına yönəlik tək və ortaq bir cavab yer alır:

“Veb saytınızın Google-da birinci yerdə çıxması üçün edilən optimizasiya.”

Bu tərif hər nə qədər doğru olsa da, SEO adı ilə ilk dəfə qarşılaşan biri üçün çox da mənalı bir tərif deyil.

“Veb saytım niyə Google-da birinci yerdə çıxsın?”

“Optimizasiya nədir?”

“Bu bir IT işidir, yoxsa marketinq?”

Sözün əsli, SEO nedir sualına verilən bu cavablar və təriflər artıq öz ömrünü tamamlayıb. SEO-nu Google axtarış sistemində saytı birinci yerə çıxaran bir fəaliyyət kimi tanıdmaq artıq geridə qalıb.

Mən isə bu yazıda biri-birinin eynisi olan məzmunlardan fərqli olaraq, SEO-nu sadə dillə izah etməyə çalışacam.

SEO Nədir?

Gəlin SEO nedir sualının açıq izahını verməyə çalışaq.

SEO biznesin veb saytını hədəf kütlənin ehtiyaclarını qarşılayacaq formada təkmilləşdirməkdir.

Bugün hər birimiz nə isə axtardığımız zaman ilk öncə Google-u açır və axtardığımız mövzunu açıqlayan müxtəlif sözləri axtarış xanasına yazaraq axtarış edirik. Bu zaman axtarışımıza uyğun olan veb saytlar qarşımıza çıxır. Bir çox insan fikir verməsə də, biz adətən qarşımıza çıxan ilk və ya 2-ci ən uzaq ehtimalda isə 3-cü sayta klik edərək axtardığımız sualın cavabını həmin saytlarda tapırıq.

Sizin kimi milyonlarla insanın həmin axtarışı etdiyini və sizinlə eyni davranışları təkrarladığını düşünün. Həmin axtarışda ilk 5 sırada çıxan saytlar bu axtarışı edən milyonlarla insandan klik alır. Bu səbəbdən ilk sıralarda çıxmaq, axtarış həcminin böyük bir hissəsini sayta çəkmək, yəni trafikə dönüşdürmək deməkdir.

Bəs, hansı saytların neçənci sırada çıxacağına kim qərar verir?

Bu sualın cavabı heç şübhəsiz ki, alqoritmdir. Google bir axtarış sistemidir və bu sistem qarışıq alqoritmlər üzərində qurulub. Bir veb sayt müxtəlif keyfiyyət, kəmiyyət və istifadəçi davranışı göstəriciləri və ya siqnalları ilə Google alqoritminə keyfiyyətli və istifadəçi üçün yararlı olub olmadığını bildirir. Alqoritm veb saytdan aldığı siqnallar vasitəsilə həmin veb sayta bir dəyər biçir və onu axtarış nəticələrində başqa saytlardan qabaqda və ya arxada çıxardır. 

Veb saytın Google axtarış sistemi tərəfindən yüksək qiymətləndirilməsi isə heç asan deyil. Burada SEO mütəxəssislərinin işi başlayır. SEO mütəxəssisləri veb saytı başda həmin veb saytın (biznesin) hədəf kütləsi üçün, sonra isə Google axtarış sistemi üçün optimizasiya edir.

Bu optimizasiyaya daxildir:

  • Veb saytın səhifələrini istifadəçi və alqoritm üçün daha başa düşülən və hədəf yönümlü etmək
  • Saytı asanlıqla başa düşülən və istifadə edilə bilən hala gətirmək
  • Saytı hədəf kütlənin qarşısına çıxarmaq
  • Rəqib analizi edərək potensial fürsətləri tapmaq və dəyərləndirmək
  • Hədəf kütlə tərəfindən tələb olunan məzmunları yaratmaq və saytı zənginləşdirmək
  • Saytın texniki problemlərini həll edərək alqoritm üçün pozitiv siqnal yaratmaq

Saydıqlarım və siyahıda olmayanlar SEO prosesinin əsasını təşkil edən amillərdir. SEO prosesi çox şaxəli və detallı olduğu üçün, bura 500 maddədən ibarət siyahı yazmaq istəmirəm. Lakin onu deyə bilərəm ki, əsas hədəf saytı alqoritm və istifadəçi üçün optimal hala gətirməkdir.

SEO ilə nələr əldə etmək mümkündür?

SEO nedir sualının cavabını tapdığımıza görə, bundan necə faydalana biləcəyimizi öyrənməyə başlaya bilərik.

SEO marketinq, satış, biznesin inkişafı və IT kimi bir çox iş qolunun tam mərkəzində yer alan bir sahədir. SEO-nun “belə olmalıdır”, “belə edilməlidir” deyə biləcəyimiz qaydaları çox azdır. SEO vəziyyətə görə şəkillənən bir iş prosesidir.

Bir SEO mütəxəssisi iş prosesi zamanı biznesi ayaqda tutan bütün departamentlər ilə fikir bölgüsü və iş paylaşımı edə bilər. Xüsusilə IT komandası SEO prosesində ən böyük rolu oynayan komandadır.

Bütün bu birləşdirici proses bir biznesi gələcək hədəflərinə doğru sürətlə və əmin addımlarla qaçmasına kömək edir. Bəli, sadəcə veb sayt üzərində həyata keçirilən bir proses yeri gəldikdə biznesin ən böyük gəlir qapısı olur. Belə olduğu zaman “SEO nedir” sualının cavabını öyrəndiyiniz üçün özünüzü şanslı hiss edirsiniz. 🙂

Bir çox halda isə biznes bazardakı mövqeyini və atmalı olduğu addımları məhz SEO analizlərindən sonra müəyyən edə bilir.

SEO həm keçmişi analiz etməyinizə kömək edən bir alət, həm də gələcək üçün daha dəqiq və ölçülə bilən addımlar atmağınıza kömək edən bir teleskopdur.

SEO-nun bir biznes üçün faydaları isə müxtəlifdir.

  • SEO veb sayt trafikini artırır.
  • SEO brendinqi gücləndirir.
  • SEO gəlir kanallarını çeşidləndirir.
  • SEO hədəf kütlənizə çatmağınıza kömək edir.
  • SEO yeni hədəflər və yeni hədəf kütlələr təyin etməyinizdə rol oynayır.
  • SEO bazardakı mövqeyinizi gücləndirir.

Bütün bu faydalar isə 1 ay və ya 3 ay ərzində həyata keçən faydalar deyil. Bir SEO prosesində bu sayılan faydaların 80%-ni əldə etmək üçün heç olmasa 1 il dayanmadan SEO tətbiqi lazımdır.

Deyə bilərsiniz ki, SEO bu qədər faydanı necə verir?

Bu sual olduqca məntiqlidir. Bugünə qədər danışdığım bir çox sahibkar SEO-nun bu qədər fayda verməsi qarşısında heyrətə düşüb. Bir çox insan isə bir marketinq kanalının bu qədər üstünlüyü olmasına qarşı skeptik yanaşıb. Bu normal haldır.

Lakin onu deyim ki, SEO-nun potensialından faydalanmaq üçün uzun müddət lazımdır. Bir çox şirkət SEO-nun bütün potensialını yalnız SEO prosesi başladıqdan 1 il sonra hiss edə bilir.

Bunun səbəbi, SEO üçün atılan addımların vaxt alan addımlar olmasıdır. Veb saytın texniki optimizasiyasını bir neçə ayda həll etmək mümkün olsa da, hədəf kütləyə yönəlik məzmunların yaradılması, veb sayt üçün davamlı təkmilləşdirmələr etmək, rutin halını alan rəqib analizləri və məzmun auditləri ilə veb sayt üçün davamlı olaraq yeni planlar qurmaq olduqca vaxt alır.

Maraqlı olan isə, SEO-nun heç vaxt bitmədiyidir. SEO bitmir. SEO üçün atılacaq addımların demək olar ki, sonu yoxdur.

SEO-dan ən tez necə nəticə almaq olar?

Təəssüf ki, bu sualın cavabı SEO nedir sualını cavablamaq qədər asan deyil.

SEO-dan tez nəticə almaq deyə bir şey yoxdur. Hər ayın sonunda atılan addımların ilkin nəticələrini görmək mümkündür. Lakin SEO-nun tam potensialına çatması üçün 1 il boyunca davamlı SEO tətbiqi idealdır. 

Şirkətlər SEO-ya ilk investisiyalarını etdikləri zaman SEO mütəxəssisi müəyyən bir SEO strategiyası hazırlayır və atılacaq addımları önəm sırasına görə müəyyən edir. Ən vacib və ən təcili addımlar ilk 2-3 ay ərzində atılır. Bu müddətdə saytın orqanik trafikində dalğalanmalar, düşüşlər və ya artımlar görülə bilər. 

Ən vacib addımlar adətən sayt üzrə texniki təkmilləşdirmələr olur. Bu texniki təkmilləşdirmələrin aparılması üçün SEO mütəxəssisi biznesin IT şöbəsinə müxtəlif texniki tasklar hazırlayır və bu taskların gedişatı ilə maraqlanır.

SEO mütəxəssisinin hazırladığı SEO strategiyası, veb sayt texniki olaraq təkmilləşdirildikdən və SEO-ya hazır hala gətirildikdən sonra tətbiq edilir. Məzmunların hazırlanması, sayt daxili və sayt xarici optimizasiyalar saytın texniki hissəsi hazır olduqda həyata keçirilir.

Nəticə etibarilə, SEO-dan tez nəticə almaq deyə bir şey yoxdur çünkü bu işin təbiətinə ziddir. Lakin ilkin nəticələri 6-12 ay içərisində görəcəksiniz.

SEO necə edilir?

SEO nədir və necə edilir?

SEO birdən çox iş prosesinin birləşməsidir. SEO dedikdə tək bir iş nəzərdə tutulmur.

Üç əsas SEO mərhələsi mövcuddur. Bunlar:

  • On-page SEO (Səhifə daxili optimizasiya)
  • Off-page SEO (Səhifə xarici optimizasiya)
  • Technical SEO (Texniki optimizasiya)

On-page SEO

Bugün bir çoxları SEO nedir sualının cavabını axtardığı zaman, SEO-nun əsas hissəsinin On-Page SEO (sayt daxili SEO) olduğunu düşünə bilər.

On-page SEO və ya səhifə daxili SEO sayt daxilində aparılan optimizasiya prosesidir. On-page SEO prosesində edilən dəyişikliklər birbaşa olaraq sayta yansıyır və istifadəçilər tərəfindən görülür. Bu prosesə açar söz təhlili, uyğun açar sözlər üçün hədəfə yönəlik məzmunların yazılması, mövcud məzmunların SEO-ya uyğun optimizasiyası, H teqlərinin optimizasiyası, saytın E-E-A-T göstəricilərinə uyğunluğunun optimizasiyası və daha bir çox amil daxildir. Səhifə daxili SEO saytın müəyyən bir hədəf kütləsinin qarşısına çıxmasını təmin etmək üçün vacibdir.

Off-page SEO

Off-page SEO və ya səhifə xarici SEO adından da görüldüyü kimi saytımız üçün saytımızın xaricində həyata keçirdiyimiz SEO prosesidir. Bu prosesə tam olaraq SEO demək mümkün deyil. Bunun səbəbi səhifə xarici SEO-nun biraz PR prosesinə bənzəməsidir.

Off-page SEO nədir sualının cavabını tam dəqiq demək üçün siz domen və saytlar haqqında bəzi məlumatları bilməlisiniz. Öncəliklə, hər saytın bir adı var. Bu ad internet dilində domen adlanır. Hər domenin özlüyündə bir gücü var. Buna isə domen reytinqi deyilir. Bir domen başqa domenlər tərəfindən nə qədər tövsiyyə edilirsə, həmin domenə verilən linklərin (backlink) sayı nə qədər çoxdursa və həmin linklər nə qədər keyfiyyətlidirsə, bu həmin domenin reytiqinin artmasına imkan yaradır. Sadə izahla, linklər və ya backlinklər iki domen arasında körpü yaradır. Bir saytdan başqa bir sayta verilən link, güc transferi vəzifəsi görür. Əgər sizin bir saytınız varsa və siz bu sayta ölkənin ən güclü xəbər saytlarının birindən link gəlirsə, o zaman həmin xəbər saytı öz domen gücünü sizinlə paylaşır.

Off-page SEO prosesində elə məhz domen reytinqini artırmağı hədəfləyirik. Keyfiyyətli və domen reytinqi güclü olan saytlardan öz saytımıza çoxlu link qazanmaq, saytımızın trafikini və domen gücünü artırır. Bu isə öz növbəsində saytımızın axtarışlarda ilk sıralarda çıxmasına imkan yaradır.

Spam saytlardan, illeqal və ya 18+ saytlardan qazanılan backlinklər isə saytımıza ziyan vurur. Bu səbəbdən Off-page SEO prosesində backlink alınacaq saytı doğru seçmək lazımdır.

Texniki SEO

Texniki SEO saytın texniki infrastrukturunu axtarış sisteminin müəyyən etdiyi qayda-qanunlara uyğun şəkildə optimizasiya etməkdir. Bu prosesə sayt sürətinin artırılması, UX təkmilləşdirmələri, URL strukturunun optimizasiyası, kanonikal teqlərin işlədilməsi, saytın mobil istifadəyə uyğunluğunun təmin edilməsi, saytın axtarış sistemi tərəfindən asanlıqla tarana bilməsinin və indeksləşdirilə bilməsinin təmin edilməsi kimi nüanslar daxildir. Texniki optimizasiya SEO üçün vacibdir və bu prosesdə adətən SEO mütəxəssisi IT komandası ilə birgə çalışır.

SEO saytıma ziyan vura bilər?

SEO düzgün edilmədikdə sayta müvəqqəti və ya daimi ziyan vura bilər. Atılan yanlış addımlar saytın trafikinin bir hissəsini və ya hamısını itirməsinə səbəb ola bilər. Bu səbəbdən öz işində peşekar SEO mütəxəssisləri ilə işləmək lazımdır. 

Onu da deyim ki, bugünə qədər SEO prosesini gecikdirən bir çox sahibkar ilə tanış olmuşam.

SEO prosesində hansı alətlərdən/proqramlardan istifadə edilir?

SEO xidməti verən bir SEO mütəxəssisi birdən çox proqramdan və alətdən istifadə edə bilər. SEO üçün ən çox istifadə edilən proqram təminatları arasında Google Search Console, Google Analytics, Screaming Frog, Semrush və Ahrefs yer alır. Hər bir SEO mütəxəssisi öz iş prosesini asanlaşdırmaq üçün yaxşı bildiyi və məmnun qaldığı SEO alətlərindən istifadə edə bilər.

SEO qiyməti nə qədərdir?

SEO qiyməti SEO xidməti göstərilən saytın həcmindən, görüləcək işlərin çoxluğundan və SEO mütəxəssisindən asılıdır. Adətən Azərbaycan bazarında SEO qiymətləri 1000 AZN-dən başlayır. Böyük eCommerce mağazaları üçün SEO xidməti qiyməti isə 2500-6500 AZN aralığındadır. Bu qiymətlər dəyişkən olsa da, bazarda 1000 AZN-dən aşağı keyfiyyətli SEO mütəxəssisi tapmağın çox çətin olduğunu deyə bilərəm.

Necə SEO mütəxəssisi olmaq olar?

SEO-nun bugün gəldiyi nöqtə, SEO mütəxəssisi olmaq istəyənlər üçün çətin bir zəmin yaradıb. SEO qeyri-müəyyən, qayda-qanunları yalnızca tətbiq yolu ilə başa düşülə bilən və maddi yükləri olan bir iş sahəsidir. SEO mütəxəssisi olmaq istəyən hər kəs, ilk növbədə öyrəndiklərini tətbiq etmədikləri müddətcə SEO-nu öyrənməyin heç bir mənasının olmadığını bilməlidirlər.

SEO kurslar və kitablar ilə öyrənilən bir sahə deyil. İnsanların praktikalarını və doğru/yanlışlarını görərək, SEO-nu mənimsəyərək və mənimsədiklərinizi öz saytlarınızda tətbiq edərək SEO-nu öyrənə bilərsiniz. 

Odur ki, SEO hər kəs üçün deyil, SEO hər kəslə ediləcək bir iş deyil. Eyni şəkildə, SEO hamıdan öyrənilə biləcək bir iş deyil.