Axtarış sistemi optimizasiyası (SEO) sahəsində ən vacib proseslərdən biri də səhifə-xarici SEO-dur. Səhifə-xarici SEO və ya Off-Page SEO veb saytın reputasiyasını artırmaq üçün xarici resurslardan istifadəni nəzərdə tutur. Səhifə-daxili SEO-dan fərqli olaraq, səhifə-xarici SEO prosesində optimizasiyanı öz saytımızın daxilində yox, xaricində edirik.
Səhifə-xarici SEO (Off-Page SEO) nədir?
Səhifə-xarici SEO, veb saytınızdan xaricdə həyata keçirilən optimizasiya yolları ilə veb saytınızın axtarış nəticələrindəki sıralamasını yüksəltməyi ifadə edir. Bu optimizasiya adətən backlinklərin qazanılmasını və ya PR kampaniyalarının yaradılmasını ifadə edir.
Səhifə-xarici SEO vs. Səhifə-Daxili SEO: fərq nədir?
Səhifə-xarici SEO ilə səhifə-daxili SEO arasındakı fərq, optimizasiyanın aparıldığı yerdir. Səhifə-daxili SEO təmamilə sayt daxilində aparılan işlərdən ibarətdir. Səhifə-xarici SEO isə saytınızdan kənarda aparılan işlərdən ibarətdir.
Başda Google olmaqla bütün axtarış sistemləri bir veb saytın axtarış nəticələrində yüksək sıralarda görünməsi üçün həmin veb saytın təhlükəsiz və etibarlı olduğuna aid siqnallar görmək istəyir. Bu siqnalları axtarış sisteminə göndərməyin yolu isə, səhifə-xarici SEO-dan keçir. Səhifə-xarici SEO həllərinin böyük bir hissəsini backlinklər təşkil edir. Backlinklər başqa saytlardan sizin saytınıza gələn linklərdir. Bu linklər bir növ təsdiq rolunu oynayır və axtarış sisteminə saytın etibarlı olduğunun siqnalını göndərir.
Səhifə-daxili SEO olmadan səhifə-xarici SEO-dan söz etmək olmaz. Əgər saytınızın səhifə-daxili SEO optimizasiyası tam olaraq həyata keçməyibsə, əvvəlcə bu boşluğu aradan qaldırmalısınız.
Səhifə-xarici SEO niyə vacibdir?
Səhifə-xarici SEO vacibdir çünkü bu proses axtarış sistemlərinə saytınızın hədəf kütləniz və digər insanlar üçün etibarlı və faydalı olduğunu göstərmək üçün edilir.
Veb saytınıza gələn hər backlink, veb saytınızın keyfiyyətli, etibarlı və faydalı olduğunu təsdiq edir. Xüsusilə veb saytınızla eyni mövzuları paylaşan saytlardan gələn linklər, veb saytınıza daha çox fayda gətirir.
Düşünün ki, veb saytınızda “bağ təmizliyi xidməti” adlı bir səhifə var. Bu səhifə Google axtarışlarında 2-ci sırada çıxır. 1-ci sırada çıxan rəqib saytınız da eyni adlı səhifəyə sahibdir və demək olar ki, hər iki saytın məzmunu SEO cəhətdən yaxşıdır.
Saytınızın niyə 1-ci yox, 2-ci sırada göründüyünü soruşa bilərsiniz.
Bunun səbəbi, çox böyük ehtimal həmin saytın sizin saytınızdan daha yaxşı səhifə-xarici SEO optimizasiyası etmiş olmasından irəli gəlir. Əgər rəqib saytın daha keyfiyyətli, sayca çox və daha uzunmüddətli backlinkləri varsa, o zaman Google həmin saytı axtarışda 1-ci yerdə çıxarda bilər.
Burada linklərin keyfiyyəti də önəm daşıyır.
Düşünün ki, sizin rəqib saytdan daha çox linkiniz var amma siz yenə də 1-ci çıxa bilmirsiniz. Bunun səbəbi, rəqib saytın daha kontekstual, keyfiyyətli və doğru yerləşdirilmiş linklərə sahib olması ola bilər.
Səhifə-xarici SEO necə edilir?
Off-page SEO nədir sualının cavabını tapdığımıza görə, indi səhifə-xarici SEO-dan necə faydalana biləcəyimizi öyrənə bilərik.
Off-page SEO optimizasiyası üçün tətbiq edə biləcəyiniz strategiyalar:
- Backlink qazanılması: Backlinklər başqa saytdan sizin saytınıza gələn linklərdir. Backlinkləri ödənişsiz və ya ödənişli formada qazana bilərsiniz.
- Məzmun yaradılması: İnsanlar tərəfindən bəyəniləcək və paylaşılacaq məzmunlar yaradaraq backlink qazana bilərsiniz.
- Qonaq yazarlıq: Başqa saytlar ilə əlaqəyə keçərək onlar üçün məzmunlar yaza biləcəyinizi deyə bilərsiniz. Bunun qarşılığında isə yazdığınız məzmundan öz saytınıza link verə bilərsiniz.
Sizinlə ən populyar olan backlink əldə etmə yollarını paylaşdım. Daha fərqli bir çox yol olsa da sizinlə paylaşdığım 3 yol ən tətbiq edilə bilən olanlardır.
Backlink qazanmq çox çətindir və əgər onları ödənişli olaraq almırsınızsa, bu sizin üçün çox böyük vaxt itkisi olacaq. Təbii yollarla backlink qazanmaq sizin üçün böyük bir vaxt itkisinə yol aça bilər.
Backlink yaradılması
Səhifə-xarici SEO optimizasiyasının əsasını backlinklərin yaradılması təşkil edir. Nüfuzlu, etibarlı, güclü, trafiki yüksək olan və kontekstual saytlardan backlink əldə etmək saytınızın sıralamasına müsbət təsir edir.
Backlinklər internetdə gəzinmək üçün əsas yoldur. İnsanlar başqa saytlarda gördükləri linklərə klik edərək saytlar arasında keçid edirlər. Linklər eyni zamanda saytın gücünü bir başqa sayta ötürmək üçün vacibdir. Əgər nüfuzlu bir saytdan öz saytınıza backlink yaratmısınızsa, bu o deməkdir ki, həmin sayt öz gücünü sizin saytınız ilə bölüşür.
Bəli, hər saytın bir gücü var. Bu güc əsasən backlink profili dediyimiz anlayışdan irəli gəlir. Çox sayıda keyfiyyətli backlinkə sahib olan bir saytın gücü də çox olur.
Backlink yaratmaq üçün müxtəlif yollar var.
- Ödənişlə almaq: Ödəniş qarşılığında backlink almaq populyardır. Burada diqqət etməli olduğunuz əsas məqam, backlink almaq istədiyiniz veb saytın həqiqətən keyfiyyətli olmasıdır. Əgər sayt keyfiyyətlidirsə, çox az sayıda sayta backlink verirsə və trafiki çoxdursa, o zaman həmin saytdan backlink almaq üçün ödəniş etməyə dəyər.
- Başqa saytlarla əlaqəyə keçmək və backlink istəmək: Başqa saytlarla əlaqəyə keçmək backlink yaratmağın bir yoludur. Həmin sayt üçün məzmun təklif etmək və ya qarşılıqlı backlink verməyi qəbul etmək faydalı bir yol ola bilər.
- İşləməyən linklər tapmaq: Rəqib saytlarınızı Ahrefs və ya Semrush kimi SEO alətləri ilə analiz edib bu saytların qazandıqları backlinklərə baxa bilərsiniz. Analiziniz zamanı rəqiblərinizə backlink verən saytlarla əlaqəyə keçib verdikləri backlink adresinizi sizin saytınız ilə əvəz etmələrini istəyə bilərsiniz. Xüsusilə də əgər rəqibinizin backlink alan səhifələri açılmırsa, xarabdırsa və ya həmin səhifələrdə problem varsa, bu texnika olduqca işə yarıyır.
- Keyfiyyətli məzmunlar yaratmaq: Xüsusi statistikalar, infoqrafiklər, hesabatlar, məlumat əsaslı məzmunlar insanların diqqətini çəkir və insanlar bu növ məzmunlardan faydalanmaq istəyir. Bu növ məzmunlar yaradaraq insanların işlərinizdən faydalanmasını və qarşılığında da sizin saytınıza link verməsini təmin edə bilərsiniz.
- Sosial media marketinq: Sosial media marketinq saytınızın axtarış sistemindəki optimizasiyasına birbaşa olaraq təsir etmir. Lakin biznesinizin adının, əlaqə nömrələrinizin və ya xidmətlərinizin sosial media platformlarında yayılması, səhifə-xarici SEO-nuz üçün faydalı olacaq.
Səhifə-xarici SEO üçün link növləri
Linklər və ya backlinklər səhifə-xarici SEO optimizasiyası üçün kritik elementlərdir. Backlink yaratmağa başlamadan əvvəl, linklərin növləri haqqında məlumat sahibi olmalısınız.
3 backlink növü var:
- Yaradılan backlinklər
- Qurulan backlinklər
- Təbii backlinklər
Yaradılan backlinklər
Yaradılan backlinklər heç bir kömək olmadan müxtəlif saytlarda öz saytınıza backlink yaratmaq prosesidir. Bizneslərin siyahısının tutulduğu saytlarda, forumlarda ya müxtəlif tipli saytlarda öz saytınız üçün backlink əldə edə bilərsiniz.
Qurulan backlinklər
Başqa veb saytlara, jurnalistlərə və ya mütəxəssislərə müraciət edərək əldə etməyə çalışdığınız linklər qurulan backlinklərdir. Bu növ linklər üçün adətən ödəniş etməli olursunuz.
Təbii backlinklər
Təbii backlinklər başqa saytların sizin məzmunlarınıza və ya saytınıza backlink verməsi deməkdir. Digər backlink növlərindən fərqli olaraq, təbii backlinklər üçün heç bir addım atmağınıza ehtiyac yoxdur. Əgər başqa bir sayt sizin məzmununuzu tapıb bəyənibsə, saytınıza backlink vermək istəyə bilər.
Backlinklərin keyfiyyətinə təsir edən 5 faktor
Hər backlink dəyərli deyil. Backlinklərin saytınız üçün dəyəri və təsiri müxtəlif amillərdən asılıdır. Minlərlə keyfiyyətsiz saytdan əldə edəcəyiniz backlink, 1 keyfiyyətli saytdan əldə edəcəyiniz backlink qədər təsir verməyə bilər.
Digər yandan, bəzi hallarda backlinklər xeyirdən çox zərər də verə bilər. Spam və ya zərərli bir saytdan gələn backlink SEO optimizasiya prosesinizi yavaşlada və ya veb saytınızın ziyan görməsinə səbəb ola bilər.
Backlinklərin keyfiyyətinə təsir edən 5 faktor:
- Veb saytınıza link vermək üçün istifadə etdiyiniz “anchor” mətnlər
- Veb saytınıza link verən saytın yaşı
- Veb saytınıza link verən saytın neçə sayta link verdiyi
- Backlink aldığınız səhifənin veb saytınızla və səhifələrinizlə olan əlaqəsi
- Backlink aldığınız saytın etibarlılığı
- Backlink aldığınız saytın gücü
Bütün bu faktorları analiz etmək üçün Ahrefs və ya Semrush kimi SEO alətlərdən istifadə edə bilərsiniz.
Lokal SEO və səhifə-xarici SEO
Lokal SEO veb saytınızı lokal axtarışlar üçün optimizasiya etməkdir. Xüsusi coğrafi bölgələr üçün xidmət göstərən veb saytlar mütləq şəkildə lokal SEO-dan faydalanmalıdır. Lokal SEO həm sizə ən yaxın müştəriləri qazanmaq üçün, həm də səhifə-xarici SEO optimizasiyanızı gücləndirmək üçün kömək edir.
Lokal SEO-dan səhifə-xarici SEO optimizasiyanızı gücləndirmək üçün istifadə etmək istəyirsinizsə, aşağıdakı tövsiyyələri diqqətə ala bilərsiniz:
- Şirkətinizin xidmət göstərdiyi hər bölgə üçün Google My Business (Google Business Profile) hesabı açın.
- Trip Advisor, Yelp və ya digər kataloq saytlarda biznesinizin qeydiyyatını tamamlayın.
- Müştərilərinizin Google Business Profile başda olmaqla bütün kataloq saytlarda sizin üçün müsbət rəy bildirməsini istəyin.
- Biznesinizin real əlaqə məlumatlarını və adreslərini hər yerdə istifadə edin. Məlumatları olduğu kimi istifadə etməyə diqqət göstərin.
Bütün bu addımlar həm Lokal SEO, həm də səhifə-xarici SEO optimizasiyanıza kömək edəcək.