SEO ilə pul qazanmaq (şirkətlər üçün): həqiqətdir yoxsa mif?

Haradansa SEO sözünü eşidən sahibkarların ağlına gələn ilk sual “bununla daha çox pul qazana bilərəm?” olur. Təbii ki, bir marketinq kanalı olan SEO-nun biznesinizə müxtəlif faydaları olur. Bu faydaların başında daha böyük hədəf kütləyə çatmaq, daha çox müştəri qazanmaq və nəticədə veb saytdan gələn trafiki satışa çevirmək gəlir.

Lakin SEO-dan heç bir anlayışı olmayan bir sahibkar kimi “bəs necə?” sualını verə bilərsiniz. Bu adi haldır. Hər kəsin SEO-dan anlayışı ola bilməz. Bu səbəbdən bu yazıda sizlərə SEO-nun biznesinizə necə pul gətirəcəyindən bəhs etmək istəyirəm.

#1 Nə qədər çox trafik, o qədər çox satış!

SEO-nun ilkin göstəricisi trafikdir. Trafiki nə qədər artırsanız, o qədər uğurlusunuz. Lakin bəzi hallarda SEO vasitəsilə artırılan trafikin çox az bir hissəsi satışa çevrilir. Bu bəzən biznesin fəaliyyət göstərdiyi bazarın trendlərindən, bəzən də potensial müştərilərə düzgün məzmun göstərməməkdən irəli gəlir.

“Çox trafik, az satış” probleminin həlli isə yenə SEO-dadır.

SEO mütəxəssisi gələn trafikin niyə satışa dönüşmədiyini anlamaq üçün veb saytdakı və ya məzmunlarınızdakı boşluqları taparaq optimizasiya edəcək. Bu boşluqlara istifadəçi niyyətinin doğru müəyyən olunmaması, məhsul səhifələrinin yanlış optimizasiya olunması, yanlış CTA istifadəsi və daha bir çox amil daxildir.

Uzun sözün qısası, SEO saytınıza daha çox trafik gətirir. Gələn trafikin isə müəyyən bir hissəsi satışa çevrilir. Yaxşı tərəf isə ondadır ki, doğru SEO strategiyası tətbiq edildiyi zaman trafik və satış artımı davamlı hala çevrilir.

#2 Sponsorlu məzmunlar

SEO-nun bizneslər üçün bir digər üstünlüyü müxtəlif əməkdaşlıq qapıları açmasıdır. Əgər saytınız müəyyən bir aylıq trafik həcminə çatıbsa, bir çox şirkət saytınızın trafikindən istifadə etmək istəyəcək. Siz bu tələbi qarşılamaq üçün sponsorlu məzmunlar paylaşa bilərsiniz.

Sponsorlu məzmunlar isə öz növbəsində PR məzmunlarının paylaşımını, məhsul tanıtımlarını və ya sadəcə bloq yazılarını ehtiva edə bilər.

Şirkətlərin burada diqqət etməli olduğu əsas məqam isə müəyyən bir ödəniş qarşılığında yayımladıqları məzmunların və ya saytda etdikləri reklamın “spam” kimi görülməməsidir. Əgər saytınızda biznesinizlə heç bir əlaqəsi olmayan məzmun/reklamlar paylaşırsınızsa, bu SEO fəaliyyətinizə ciddi şəkildə neqativ təsir göstərə bilər.

#3 Brendinqinizi gücləndirin

SEO veb saytın trafikini artırmaqla yanaşı, biznesinizin brendinqini də gücləndirir. Veb sayta daha çox istifadəçi çəkmək, insanların şirkətiniz haqqında məlumat sahibi olmasına kömək edir. Əlavə olaraq, görülən Off-page SEO fəaliyyətləri biznesinizin PR-ına ciddi töhfə verdiyi üçün, istər istəməz şirkətinizin brendinqi sürətlə güclənməyə başlayır.

Güclü brendinq rəqiblərdən öndə olmaq və müştərilərin ağlına gələn ilk şirkət olmaq kimi üstünlüklər gətirir. Əgər brendinqinizi yetərli qədər gücləndiribsinizsə, siz məhsul/xidmətlərinizi bazar qiymətindən daha yuxarı qiymətə sata bilərsiniz.

#4 Uzun müddətli irəliləmə

SEO ödənişli reklamlar kimi ödənişini etdiyiniz zaman sizə gəlir qazandıran bir marketinq yolu deyil. Düzdür, SEO da SMM, PR, SEM kimi müəyyən bir investisiya tələb edir. Lakin SEO ilə atılan addımlar qalıcıdır. 

SEO xidməti zamanı veb saytınızda edilən düzəlişlər hər zaman saytınız üçün fayda gətirməyə davam edir. Siz SEO xidmətinə davam etməsəniz belə həmin düzəlişlərdən faydalanacaqsınız.

Qeyd edim ki, SEO-nun uzun müddətli davamlılığı üçün SEO mütəxəssisi tərəfindən hazırlanan SEO strategiyasının doğru bir şəkildə tətbiq edilməsi vacibdir. Yarı-yarımçıq SEO yarı-yarımçıq nəticə gətirər 🙂

#5 Data-ya əsaslanan qərarvermə imkanı

Bu maddə sizə birbaşa olaraq pul qazandırmasa da, dolaylı yoldan pul gətirəcək.

Əvvəlcə onu deyim ki, SEO mütəxəssisləri rəqib analizi, rəqabət fürsətləri və dataya əsaslanan qərarvermə bacarıqları ilə biznes üçün böyük fərq yarada bilərlər. SEO təbiəti etibarilə performans izləməsi, müştəri ehtiyaclarını müəyyən etmə, şüurlu qərar vermə və müəyyən metrikləri doğru analiz etmə üstünlükləri qazandırır. Təcrübəli bir SEO mütəxəssisi biznesinizin gələcəyi üçün düşündüyünüz təkmilləşdirmələr barədə sizə dataya əsaslanan tövsiyyələr verə bilər. Bu tövsiyyələr dataya əsaslandığı üçün daha obyektiv və strateji tövsiyyələr olacaq. 

Nəticə: SEO-ya investisiya etməliyəm?

Bəli.

SEO şirkətiniz üçün sadəcə trafik artırma kanalı deyil. SEO veb saytınızı internet dünyasında real bir biznes kimi göstərməyin əsas yoludur. Əgər veb saytınız biznesinizi təmsil edəcək dərəcədə yaxşı optimizasiya olunmayıbsa, siz bunun əskikliyini qısa, orta və uzunmüddətdə görəcəksiniz.