Səhifə-daxili SEO bir veb səhifəsinin əlaqəli axtarış nəticələrindəki sıralamasını yüksəltmək üçün sayt daxilində aparılan SEO optimizasiya proseslərini əhatə edir. Sayt daxili SEO optimizasiyası bir veb səhifəsinin kontentini və resurs kodlarını hədəfləyir. Keyfiyyətli kontent yaradılması, kontentin optimizasiyası, açar sözlərin doğru istifadəsi, sayt sürətinin artırılması, sayt strukturunun yaxşılaşdırılması və daha bir çox nüans sayt daxili SEO-ya daxildir.
Əgər sayt daxili SEO və ya səhifə-daxili SEO konsepti ilə ilk dəfədir qarşılaşırsınızsa, nə haqqında danışdığımı başa düşmək sizin üçün çətin ola bilər. SEO haqqında məlumat sahibi olmayanlar üçün səhifə-daxili SEO optimizasiyası prosesini sadə izahla açıqlamağa çalışacam.
Düşünün ki, təmizlik şirkətisiniz “bağ təmizliyi” xidməti təklif edirsiniz. Bu xidməti axtaran hədəf kütləniz Google axtarış sisteminə “bağ təmizliyi” açar sözünü yazır.
“Bağ təmizliyi” ilə bağlı axtarışlarda siz öz rəqiblərinizi görə bilərsiniz. Google sizin rəqiblərinizi “bağ təmizliyi” açar sözünü axtaran istifadəçilər üçün axtarış nəticələrində göstərir.
Hansı səhifənin daha üst sıralarda yer alması isə bir çox SEO amilinə bağlıdır. Axtarış nəticələrinin üst sıralarında yer almaq vacibdir çünkü istifadəçilər axtarış edərkən qarşılarına ilk çıxan nəticələrə klik edirlər. “Bağ təmizliyi” ilə bağlı axtarış edən istifadəçilərin 90%-dən çoxu, ilk gördükləri sayta keçid edirlər.
Bu böyük rəqəmdir. Bu o deməkdir ki, 1-ci sırada çıxan sayt bazar həcminin böyük bir hissəsini öz əlində tutur.
Bəs, hansı saytın ilk sıralarda çıxmasına kim qərar verir? Bu sualın cavabı sadədir – alqoritm.
Google alqoritmi saytları sıralayarkən təkmilləşdirilmiş alqoritmlərdən istifadə edir. Misal olaraq, “bağ təmizliyi” ilə bağlı etdiyiniz axtarışda qarşınıza çıxan saytların hamısı səhifələrini “bağ təmizliyi” açar sözünə uyğun olaraq optimizasiya ediblər. Alqoritm səhifənin bütün istifadəçi ehtiyaclarını qarşıladığını, “bağ təmizliyi” ilə əlaqəli olduğunu və istifadəçilərin bu səhifədə axtardığını tapdığını düşünürsə, o zaman həmin saytı axtarışlarda ilk sıralarda çıxardır.
Alqoritm bir veb saytı dəyərləndirərkən, minlərlə faktoru diqqətə alır. O səbəbdən bir veb saytın axtarışda birinci çıxmasına kömək edən ən böyük faktor nədi desəniz, bunun konkret bir cavabı olmayacaq.
Bir saytı müəyyən bir açar sözə uyğun olaraq optimizasiya etməyin yolu isə, əsas olaraq səhifə-daxili SEO-dan keçir. Saytınızda yer alan bir səhifəni (məsələn, xidmət səhifənizi) hədəflədiyiniz açar sözə uyğun optimizasiya edərək, həmin saytın axtarışlarda ilk sıralarda çıxmasını təmin edə bilərsiniz.
Bu yazıda mən sizə səhifə-daxili SEO ilə bağlı qısa məlumatlar verəcəm. Yazıda səhifə daxili SEO-nun dərinliklərinə getmədən, hamının tətbiq edə biləcəyi praktiki strategiyaları da tapa bilərsiniz.
Səhifə-daxili SEO nədir?
Səhifə-daxili SEO veb saytınızın axtarış nəticələri səhifəsindəki sıralamasını artırmaq və saytınıza daha çox trafik çəkmək üçün sayt daxilindəki elementlərin optimizasiya olunmasını ifadə edir.
Səhifə-daxili SEO ilə səhifə-xarici SEO arasındakı fərq nədir?
Səhifə daxili SEO ilə səhifə xarici SEO arasındakı ən böyük fərq, səhifə daxili SEO-nun saytınızın daxilindəki elementlərin optimizasiyasına fokuslanması, səhifə-xarici SEO-nun isə saytınızın xaricindəki elementlərə fokuslanmasıdır.
Misal olaraq, səhifə-daxili SEO optimizasiyası zamanı saytınızın kontentini axtarış edən istifadəçinin ehtiyaclarına uyğun şəkildə optimizasiya etmək, sayt strukturunu yaxşılaşdırmaq, URL strukturlarını düzəltmək, sayt sürətini artırmaq, açar sözləri doğru işlətmək kimi praktiki addımlar atılır. Səhifə-xarici SEO optimizasiyası isə saytın reputasiyasını artırmaq üçün digər saytlardan backlink alınması və ya PR fəaliyyətlərini ifadə edir.
Səhifə-daxili SEO faydaları
Səhifə daxili SEO-nun faydaları:
- Veb səhifələriniz axtarış nəticələrində ilk sıralarda görünür
- Veb səhifələrinizə gələn trafik artır
- Daha çox satış əldə edirsiniz
Səhifə-daxili SEO optimizasiyasından sonra veb səhifələriniz axtarış edən istifadəçilərin ehtiyaclarını qarşılayacaq və insanlar veb saytınızı onların ehtiyaclarını qarşılayan bir resurs olaraq görəcəklər.
Veb saytınızı fəaliyyət göstərdiyiniz bazara uyğun olaraq optimizasiya etmək, Google kimi axtarış sistemlərinə saytınızın öz bazarınız və hədəf kütləniz üçün faydalı bir resurs olduğunun siqnallarını göndərəcək.
Optimizasiya etməli olduğunuz 13 səhifə-daxili SEO elementi
Saytınızın axtarışlarda ilk sıralarda görünməsinə kömək edəcək müxtəlif faktorlar var. Daha yüksək sıralama əldə etməyinizə kömək edəcək 13 səhifə-daxili SEO elementini sizinlə paylaşıram.
- URL
- Səhifə başlığı
- Mövzu başlıqları
- Meta açıqlamalar
- Alt-teqlər
- Açar sözlər
- Məzmun
- Şəkillər
- Daxili keçidlər (daxili linklər)
- Schema
- Sayt sürəti
- Mobil uyğunluq
- Coğrafi teqlər
Bu siyahıda yer alan elementləri necə optimizasiya edəcəyinizi öyrənmək üçün oxumağa davam edin.
Səhifə-daxili SEO optimizasiyası necə edilir?
Artıq səhifə-daxili SEO optimizasiyası üçün hansı elementlərə diqqət etməli olduğunuzu bilirsiniz. Bu elementləri optimizasiya etməyə elə indi başlaya bilərsiniz. Unutmayın ki, səhifə-daxili SEO optimizasiyasını etmək də, nəticələrini almaq da vaxt ala bilir. Ona görə 1 gecədə uğur gözləməyin.
13 səhifə daxili SEO optimizasiya tövsiyyəsi:
- Kontekstual və qısa URL-lərdən istifadə edin
- Səhifə başlığında açar sözdən istifadə edin
- Mövzu başlıqlarında açar sözlərinizi yazın
- İnsanların diqqətini cəlb edən meta açıqlamalar yazın
- Multimedia fayllarında alt-teqlərdən istifadə edin
- Açar sözlərinizdən doğru və təbii şəkildə istifadə edin
- Məzmununuzu asan oxunula bilən, məlumatı konkret şəkildə ötürən və yığcam hala gətirin
- Məzmununuza şəkillər əlavə edin və həmin şəkilləri optimizasiya edin
- Sayt daxilində keçidləri asanlaşdırmaq üçün daxili linklərdən istifadə edin
- Saytın mövzusunun Google tərəfindən başa düşülməsi üçün Schema tətbiq edin
- Sayt sürətini artırın
- Saytın mobil cihazlarda rahat istifadə edilə bildiyindən əmin olun
- Xidmət göstərdiyiniz bölgələrə uyğun şəkildə coğrafi teqlərdən istifadə edin
1. Kontekstual və qısa URL-lərdən istifadə edin
URL-lər bir veb səhifəsinin əsasını təşkil edir. Google ilk növbədə URL-ə baxaraq linkin daxilində nə olduğunu, səhifənin hansı mövzu ilə əlaqəli olduğunu anlayır. Əgər link asan, qısa və kontekstualdırsa, bu Google üçün linkdə konteksti asan şəkildə götürməyə imkan yaradır.
URL-lərinizi tənzimləyərkən mütləq şəkildə həmin URL-in daxilində nə varsa, həmin URL hansı mövzu ilə əlaqəlidirsə, URL-də bunu göstərin.
Bunun üçün siz, həmin URL üçün əsas açar sözünüzü düşünə və açar sözü URL-ə daxil edə bilərsiniz.
Məsələn, “bağ təmizliyi” ilə bağlı bir səhifəniz var. Həmin səhifə üçün ən ideal URL forması aşağıdakı olacaq:
- saytim.com/bag-temizliyi
Yuxarıdakı kimi sadə, başa düşülən və kontekstual URL-lər işlətmək veb səhifənizin Google tərəfindən başa düşülməsinə, sayt strukturunuzun yaxşılaşmasına və daha yüksək sıralama almağınıza kömək edəcək.
2. Səhifə başlığında açar sözdən istifadə edin
Səhifə başlığı, Google axtarış sisteminin səhifədə nə olduğunu anlamaq üçün baxdığı ikinci elementdir. Saytınızın Google axtarış sistemində görünməsi üçün, səhifə başlığınızın düzgün tənzimlənmiş olması vacibdir. Əgər Google səhifə başlığınızdan səhifənin nə ilə əlaqəli olduğunu başa düşə bilmirsə, o zaman saytınız Google-da üst sıralarda görünməyəcək.
Hər saytın və hər səhifənin səhifə başlığı olur. Bu başlıqlar HTML kodlar arasında <title></title> teqləri arasında görünür.
Səhifə başlığınızın maksimum 60 simvoldan ibarət olması, səhifə daxilindəki mövzunu yığcam şəkildə istifadəçiyə göstərməsi və açar sözünüzü ehtiva etməsi vacibdir.
Bayaqki nümunəmizdən davam etsək, “bağ təmizliyi” səhifəniz üçün ən yaxşı səhifə başlıqlarından biri aşağıdakı ola bilər.
“Bağ Təmizliyi Xidməti | Bakida Bag Temizliyi | İndi Müraciət Et”
Unutmayın ki, saytınızda yer alan bütün veb səhifələrin səhifə başlıqları optimizasiya edilməlidir. Bu sayədə Google saytınızın nə haqqında olduğunu anlaya bilər.
3. Mövzu başlıqlarında açar sözlərinizi yazın
Mövzu başlıqları səhifənizin daxilində istifadə edə biləcəyiniz H1,H2,H3…H6 teqləridir. Bu teqlər kontent daxilində mövzuları müəyyən bir iyerarxiya əsasında redaktə etməyə kömək edir.
Axtarış sistemləri səhifə daxilindəki mövzu başlıqlarından istifadə edərək səhifənin nə ilə əlaqəli olduğunu anlamağa çalışır.
Bir veb səhifəsində mütləq şəkildə 1 ədəd H1 teqi olmalıdır. H1 teqi səhifənin nə ilə əlaqəli olduğunu Google-a göstərən əsas teqdir. H1 teqi içərisində hədəflədiyiniz açar sözü işlətməlisiniz. Hər səhifə üçün sadəcə 1 ədəd H1 teqi olması yetərlidir.
H2 teqi isə H1 teqindən sonrakı ən çox istifadə edilən teqlərdən biridir. H2 teqindən istifadə etməklə kontentinizi müəyyən iyerarxiya əsasında redaktə edə bilərsiniz. Bu sayədə kontentiniz içərisindəki mövzuları strateji olaraq ayıra və istifadəçi üçün daha asan oxunula bilən bir hala gətirə bilərsiniz.
4. İnsanların diqqətini cəlb edən meta açıqlamalar yazın
Meta açıqlamalar axtarış nəticələrində veb saytların adının altında görülən açıqlamalardır. Bu açıqlamalar maksimum 160 simvol uzunluğunda olmalıdır. Meta açıqlamalarda açar sözünüzü işlətməyiniz tövsiyyə olunandır.
Meta açıqlamalar səhifənizə istifadəçi çəkmək üçün istifadə olunur. Meta açıqlamanız nə qədər maraqlı və diqqət cəlb edəndirsə, istifadəçi saytınıza o qədər çox keçid etmək istəyəcək.
5. Multimedia fayllarında alt-teqlərdən istifadə edin
Alt-teqlər veb saytınızda istifadə etdiyiniz şəkillərin Google axtarış sistemi tərəfindən başa düşülməsi üçün istifadə olunan mətnlərdir. Bir şəkil istifadəçiyə nəyi göstərirsə, alt-teqdə onu yazmaq məsləhətlidir. Axtarış sistemi şəkilləri anlaya bilmədiyi üçün alt-teqlər vasitəsilə şəkillərin mənasını axtarış sisteminə göstərməlisiniz. Bu zaman məzmununuzda istifadə etdiyiniz şəkil məzmuna kontekstuallıq qatır və bu axtarış sistemi tərəfindən görünür.
Alt-teqlərdə açar sözünüzdən istifadə edə bilərsiniz lakin bunu bir neçə dəfədən artıq etməməyiniz tövsiyyə olunur.
6. Açar sözlərinizdən doğru və təbii şəkildə istifadə edin
Açar sözlər həm istifadəçilərin veb səhifənizi tapa bilməsi, həm də axtarış sisteminin veb səhifənizdə hədəflənən əsas mövzunu anlaya bilməsi üçün böyük rol oynayır. Veb səhifənizi həm əsas açar sözünüzə, həm də əsas açar sözünüzlə əlaqəli olan digər açar sözlərə uyğun olaraq optimizasiya etməlisiniz.
Düşünün ki, veb səhifənizdə “bağ təmizliyi” ilə bağlı yeni bir xidmət səhifəsi açacaqsınız. Bu zaman sizin əsas açar sözünüz “bağ təmizliyi” olacaq. Bu əçar sözü siz səhifə başlığında, URL-də, mövzu başlıqlarında, alt-teqdə və kontent daxilində istifadə edərək səhifənin bu açar sözü hədəflədiyini Google axtarış sisteminə göstərə bilərsiniz.
Eləcə də, “bağ təmizliyi” ilə bağlı əlaqəli açar sözləri eyni səhifədə işlətmək həmin səhifənin sıralamasını artıra biləcəyi kimi, istifadəçilərin əlaqəli sözləri axtararaq səhifənizi tapmağını asanlaşdıracaq.
Misal olaraq, “bağ təmizliyi” üçün əlaqəli açar sözlər aşağıdakılar ola bilər:
- “Bağların təmizlənməsi”
- “Bağ təmizliyi xidməti”
- “Bağların təmizlənməsi xidməti”
Bütün bu açar sözləri həm məzmununuzda həm də digər səhifə-daxili SEO elementlərində istifadə etmək faydalı olacaq.
Açar söz araşdırması bu etapda sizin üçün faydalı olacaq. Açar sözlər tapmaq və hansı açar sözlərin sizə fayda gətirə biləcəyini anlamaq üçün müxtəlif açar söz araşdırması alətlərindən istifadə edə bilərsiniz.
Bir açar söz üçün diqqət etməli olduğunuz 3 əsas metrik var:
- Axtarış həcmi: Bir açar sözün müəyyən bir vaxt aralığında orta hesabla neçə nəfər tərəfindən axtarıldığını göstərir.
- Rəqabət çətinliyi: Açar sözlə bağlı rəqabəti göstərir. Rəqabət nə qədər çoxdursa, həmin açar sözlə bağlı sıralama əldə etmək daha çətin olur.
Açar söz araşdırmasına və açar söz istifadəsinə strateji yanaşmalısınız. Açar sözlərlə bağlı bilməli olduğunuz ən vacib şeylərdən biri də, açar sözləri sui-istifadə etməməkdir. Açar sözü bir səhifə daxilində həddindən artıq işlətsəniz, bu spam kimi görülə bilər və veb saytınıza buna görə ziyan dəyə bilər.
7. Məzmununuzu asan oxunula bilən, məlumatı konkret şəkildə ötürən və yığcam hala gətirin
Məzmun SEO üçün əhəmiyyət kəsb edir. Saytınızda davamlı olaraq hədəf kütlənizi maraqlandıran məzmunlar paylaşmalısınız. Məzmun sizin daha çox insana çatmağınıza, şirkətinizin populyarlığının artmasına kömək edəcək və satışlarınızı artıracaq.
Davamlı olaraq məzmun paylaşmaq və ya köhnə məzmunları ildə heç olmasa 1 dəfə yeniləmək SEO-nuza müsbət təsir edir.
Məzmun paylaşmaq qədər, məzmununuzun formatı da əhəmiyyətlidir.
Faydalı, asan oxunula bilən və hədəf kütlənizi maraqlandıran kontentlərin saytınıza müsbət təsiri var. Saytınızın əsas mövzusu ilə əlaqəli məzmunlar paylaşmaq axtarış sisteminə saytınızın həmin mövzuda əlaqəli və kontekstual sayt olduğunun siqnalını verir.
Sayt-daxili SEO prosesində məzmunlarınızın SEO optimizasiyasını edərkən aşağıdakı faktorları diqqətə ala bilərsiniz:
- Məzmun daxilində açar sözlərinizi işlədin
- Açar sözlərinizi mövzu başlıqlarına və paraqraflara əlavə edin
- Məzmununuzun sadəcə mətndən ibarət olmasının qarşısını almaq üçün paraqrafları ayırın
- Məzmununuzun asanlıqla oxunula bilən olması üçün mövzu başlıqlarından istifadə edin
- Məzmununuza multimedia faylları əlavə edin
8. Məzmununuza şəkillər əlavə edin və həmin şəkilləri optimizasiya edin
Məzmuna şəkil əlavə etmək həm istifadəçinin məzmunla bağlı təəsüratını yaxşılaşdırır, həm də məzmun zənginliyini artırır. Məzmununuzda keyfiyyətli və əlaqəli şəkillər istifadə edin.
Məzmunda şəkil istifadəsi ilə bağlı bilməli olduqlarınız:
- Sayt sürətini azaltmamaq üçün şəkillərin həcmini azaldın və daha sonra məzmuna əlavə edin. Yüksək keyfiyyətli şəkillər yüksək həcmə sahib olduqları üçün sayt sürətini zəiflədə bilirər.
- Şəkillərinizə alt-teq əlavə edin.
- Original şəkillərdən istifadə edin.
9. Sayt daxilində keçidləri asanlaşdırmaq üçün daxili linklərdən istifadə edin
Daxili linklər öz saytınızdaki bir səhifədən başqa bir səhifəyə verdiyiniz linklərdir. Daxili linklər vasitəsilə bir istifadəçi saytınızın içində bir səhifədən digər səhifəyə rahatlıqla keçid edə bilər.
Daxili linklərin bir digər faydası isə, Google axtarış sisteminin səhifələrinizi rahatlıqla tapmasına kömək etməkdir. Əgər saytınızda yeni bir səhifə paylaşmısınızsa, mövcud səhifələrinizin birindən yeni səhifənizə daxili link vermək, yeni səhifənin Google tərəfindən görülməsinə kömək edəcək.
Sayt daxilində biri-biri ilə əlaqəli olan səhifələrinizə daxili link verin. Məsələn, deyək ki veb saytınızda “bağ təmizliyi” və “bağ evlərinin təmizliyi” adında 2 səhifə var. Hər iki səhifə arasında əlaqə olduğu üçün bu iki səhifənin də biri-birinə daxili link ilə bağlanmasını təmin edə bilərsiniz.
Daxili linklərin bir digər xüsusiyyəti isə, səhifə gücünü ötürmə qabiliyyətidir. Deyək ki, sizin saytınızda “bağ təmizliyi” səhifəniz insanların diqqətini daha çox çəkir və daha populyardır. Hər ay bu səhifəyə digər səhifələrinizdən daha çox insan keçid edir. Eləcə də, ən yüksək sıralama alan, Google-da ilk sıralarda görünən səhifəniz də budur. Bu səhifədən bir başqa səhifəyə verəcəyiniz daxili link, saytınızın gücünün bir hissəsini transfer etməyinə və link verdiyiniz səhifəyə də güc ötürməyinə kömək edəcək.
10. Saytın mövzusunun Google tərəfindən başa düşülməsi üçün Schema tətbiq edin
Schema veb saytınızla və biznesinizlə əlaqəli məlumatlardan ibarət kod yığınıdır. Schema tətbiq etmək birbaşa sıralamanızı artırmayacaq. Lakin Schema sayəsində Google biznesinizin məlumatlarını anlayacaq və biznesinizin reallığından əmin olacaq.
Fərqli Schema növləri var. Bəzi Schema kodları kontentinizdəki diqqət çəkən məlumatları axtarış nəticələrində göstərə bilirlər.
Schema eyni zamanda istifadəçilərin diqqətini çəkir və insanların səhifənizə keçid etməsinə kömək edir.
11. Sayt sürətini artırın
Sayt sürəti birbaşa olaraq istifadəçiləri maraqlandıran bir faktordur. Əgər saytınız yavaş açılırsa və istifadəçilər saytınıza keçid etdikdən sonra saytınızın gec yükləndiyini görüb başqa saytlara keçid edirsə, bu birbaşa olaraq SEO-nuza ciddi mənfi təsir göstərəcək.
Sayt sürətini artırmaq üçün bir çox yol var. Lakin sizə onu deyim ki, əgər saytınızın həcmi böyük deyilsə, bu proseduru pas keçə bilərsiniz.
Sayt sürətinizi artırmaq üçün:
- Yüksək həcmli şəkillərinizin həcmini azaldın.
- Səhifənin görünməyən hissəsindəki şəkillər üçün lazy-load tətbiq edin.
- Veb saytınızdakı lazımsız kodları təmizləyin.
- Veb saytınızdakı lazımsız əlavəetmələri (pluginləri) silin.
- Cloudflare kimi CDN-lərdən istifadə edin.
Sayt sürətinizi artırmaq üçün bu sadə addımlar işə yarayacaq. Əgər saytınızın həcmi böyükdürsə daha texniki yollardan istifadə etmək lazım olacaq.
12. Saytın mobil cihazlarda rahat istifadə edilə bildiyindən əmin olun
Google saytı mobil cihazlara uyğun olaraq analiz edir. Əgər saytınız mobil cihazlar üçün uyğun deyilsə, o zaman bu SEO-nuz üçün mənfi haldır.
Google axtarışlarının %50-dən çoxu mobil cihazlardan edilir. Bu o deməkdir ki, xidmətlərinizi axtaran insanların 50%-i saytınıza mobil cihazlardan giriş edəcək. Əgər saytınızın mobil uyğunluğu yaxşı deyilsə bu mənfi istifadəçi təcrübəsinə yol açacaq və bəlkə də siz satış etmək şansınızı itirəcəksiniz.
Saytınızın mobil istifadəyə uyğunluğunu təmin etmək üçün mobil cihazlar üçün uyğun bir sayt yaratmalısınız.
13. Xidmət göstərdiyiniz bölgələrə uyğun şəkildə coğrafi teqlərdən istifadə edin
Əgər xüsusi bir bölgə üçün xidmət göstərirsinizsə, coğrafi teqlərdən istifadə etməlisiniz.
Coğrafi teqlərdən istifadə deyərkən, veb səhifələrinizi xidmət göstərdiyiniz bölgələrə uyğun olaraq optimizasiya etməyi nəzərdə tuturam. Səhifə başlıqlarınızdan mövzu başlıqlarınıza qədər hər yerdə coğrafi teqlərdən istifadə edə bilərsiniz.
Əgər birdən çox bölgə üçün xidmət göstərirsinizsə, hər bölgə üçün ayrı səhifə açmaq bir problem olmaz. Misal olaraq;
- “Bakıda yükdaşıma”
- “Gəncə yükdaşıma”
- “Sumqayıt yükdaşıma”
Bu sayədə siz xüsusi coğrafi axtarışlarda saytınızın ilk sıralarda çıxmasını təmin edə bilərsiniz.
Səhifə-daxili SEO: Nəticə
Səhifə-daxili SEO saytın SEO optimizasiya prosesinin əhəmiyyətli bir hissəsini təşkil edir. Əgər saytınızın səhifə-daxili SEO-sunu hələ də etməmisinizsə, indidən başlayın. Səhifə-daxili SEO saytınızı axtarış sıralarında ilk növbəyə qaldıracaq amillərdən biridir. Lakin unutmayın ki, səhifə-daxili SEO qədər səhifə-xarici SEO və texniki SEO optimizasiyaları da çox vacibdir.