SEO-da Domen Adi Təsiri (SEO-da Domen Adı Seçiminin Önəmi)

SEO-da domen adi onlayn trafikinizə necə təsir edə bilər? Domen adının SEO-ya təsiri nə qədərdir? Bütün bu suallar uzun illərdir ki, SEO sahəsində fikir ayrılıqlarına səbəb olub.

Google domen adı seçiminin saytın SEO performansına təsir göstərmədiyini iddia etsə də, hələ də bir çox SEO mütəxəssisi “exact-match domain” (açar sözlə eyni olan domen) istifadə etməyə davam edir. Bir çox insana görə, domen adında açar sözünün istifadə olunması, saytın həmin açar söz üzrə edilən axtarışlarda ilk sıralarda görünməsinə kömək edir.

Bəs, reallıq necədir?

Gəlin cavablamağa çalışaq.

Domen Adı SEO-ya Təsir Edir?

Domen adlarının SEO-ya ciddi təsiri olsa da, bu təsir domen adında açar sözün istifadə edilməsindən irəli gəlmir. SEO üçün faydalı olan domen adları adətən markanın xüsusiyyətlərini yansıdan və ya birbaşa brend adını ehtiva edən domen adlarıdır.

Google tərəfindən edilən rəsmi açıqlama, açar söz ethiva edən domen adlarının SEO-ya təsir etmədiyi ifadə edilir. Biz bunun doğru olmadığını düşünsək belə, minlərlə Google siqnali arasında domen adının SEO üçün böyük bir fərq yaradacağını düşünmək məntiqli deyil.

Domen Adının SEO-ya Təsir Etdiyi Keyslər

Bəzi bizneslər üçün strateji domen adı seçimi SEO üçün vacib yer tutur. Bəzən elə keyslər olur ki, orada domen adında açar sözlər və ya coğrafi bölgə adlarından istifadə etmək məcburiyyəti yaranır. 

Məsələn:

“Bakıda yükdaşıma”

“Türkiyədə saç əkdirmə”

Bu halda domen adını “marka adı + bölgə adı” kimi seçmək məntiqli ola bilər. Çünkü Google xüsusi coğrafi bölgələrə xidmət göstərən veb saytları axtarış nəticələrində göstərdiyi zaman domen adlarında həmin bölgənin açar sözünün istifadə edilməsinə diqqət yetirir.

Xüsusilə xarici bizneslər üçün bu önəmlidir. Deyək ki, “dentist in sydney” ilə bağlı axtarış edirik.

Bu zaman Google bizə domen adında “Sydney” olan saytları ilk sıralarda göstərəcək.

Lokallaşdırılmış veb saytlar üçün əhəmiyyətli olan bu növ domenlər SEO-ya təsir edə bilər. Lakin bunu hər biznes üçün istifadə etmək düzgün olmaz. Əgər şirkətiniz tək bir lokal bölgə yerinə bir çox yerə xidmət göstərirsə, o zaman bu yanaşma sizin üçün doğru olmaya bilər.

TLD-lər (Yüksək Səviyyə Domenlər)

Domenlərin SEO-ya təsiri ilə bağlı bir digər məqam isə, TLD-lərdir. TLD-lər domen adının sonluğunda yer alan .com, .info, .org kimi sonluqlardır. .com ən populyar domen sonluğudur.

Lokal şirkətlər xüsusi ölkə kodlarını ehtiva edən domenlər (ccTLD-lər) istifadə edərək daha yaxşı SEO performansı göstərə bilərlər. Məsələn, Azərbaycan şirkətləri sonluğu .az ilə bitən domenlərdən istifadə edirlər.

Bəzi domen sonluqları isə Google axtarış nəticələrində daha aşağı sıralarda çıxa bilir. .xyz, .info kimi TLD-lər digər TLD-lər ilə müqayisədə daha az performans göstərir. Bu təbii ki, rəsmi bir məlumat deyil. Lakin bugünə qədər olan təcrübəmə əsasən hər kəsin populyar TLD-lərdən istifadə etməsini tövsiyyə edirəm.

Domen Adında Tire (-) İstifadəsi

Domen adında tire (-) istifadəsi çox soruşulan və qeyri-müəyyən qalan suallardan biridir. Domen adında tire istifadə etmək SEO performansınıza birbaşa təsir etmir. Lakin domendə yer alan tire domen adının görünüşünü və populyarlığını zədələyir.

Domen adı seçərkən insanların ağlında qala biləcək, sadə və brend adlar seçmək tövsiyyə olunur. Əgər domen adında tire varsa, bu domen adının sadəliyini azaldır.

Bir digər məqam isə, domen adında yer alan tirenin spam kimi görünə bilmə riskidir. İnternetdəki bir çox spam domen adı uzun və tire ehtiva edən adlardır. Tire olan domen adlarının hamısını spam olaraq adlandırmaq düz olmasa belə, bu riski almamağınız daha tövsiyyə olunandır. Eləcə də, domen adında rəqəm və ya xüsusi simvolların olmasını da tövsiyyə etmirəm.

SEO Üçün Domen Adı Seçimi Tövsiyyələri

SEO üçün uyğun domen seçimi vacib bir məsələdir. Seçdiyiniz domen veb saytınız var olduğu müddətcə var olacaq və insanlar veb saytınızı bu domen adı ilə tanıyacaq. Bu səbəbdən uzunmüddətli marketinq potensialı olan, istifadəçilərdə maraq hissi oyadacaq və SEO performansınıza təsir edəcək domen adı seçməlisiniz.

SEO üçün domen adı seçərkən aşağıdakılara diqqət edin:

  • Hədəf kütləniz üçün ən uyğun TLD-ni seçin
  • Biznesinizi yansıdan açar sözləri ehtiva edən domen adı seçin
  • Qısa domen adı seçin
  • Domen adında tire, rəqəm və ya xüsusi simvollardan istifadə etməyin
  • Domen adınızın asan tələffüz olunan olduğundan əmin olun
  • Domen adınızı etibarlı domen şirkətindən alın