Bu ilin əvvəllərində 2024-cü il üçün ən vacib SEO trendləri haqqında bloq yazısı paylaşmışdım. İndi isə, 2024-cü ilin sonlarına yaxınlaşırıq və artıq 2025-ci ildə hansı SEO yanaşmalarının veb saytlar üçün əhəmiyyətli rol oynadığını görmək mümkündür.
Bu yazıda 2025-ci il üçün ən vacib 7 SEO trendi haqqında məlumatlar verəcəm.
Süni İntellekt (AI)
AI 2024-cü ildə SEO dünyasının balansını ciddi şəkildə dəyişdi. AI ilə müsbət nəticələr əldə olunduğu kimi, AI ilə biznesini məhv edən şirkətlər də oldu.
Açar söz araşdırmasından məzmunların yaradılmasına, texniki işlərin asanlaşdırılmasından faydalı alətlərin yaradılmasına qədər AI hər prosesdə işimizi ciddi miqdarda asanlaşdırır.
Mən 2025-ci ildə süni intellektin SEO-da çox böyük təsir yaradacağına inanıram. Xüsusilə 2025-də AI ilə yaradılan və astronomik miqdarlarda gəlir əldə edən veb saytlar görmək şansımız çoxdur.
Mövzu Hakimiyyəti (Topical Authority)
Topical Authority və ya Mövzu Hakimiyyəti bir veb saytın müəyyən mövzu üzrə nə qədər güclü olduğunu göstərən bir konseptdir. Xüsusilə 2024-cü ildə veb saytların məzmun strategiyalarını mövzu hakimiyyəti fikri əsasında qurduqlarını görmək mümkünür.
Bu yanaşma bir veb saytın müəyyən bir mövzu üzrə öz hakimiyyətini qurmasına və axtarış motoruna saytın həmin mövzu ilə bağlı əhatəli bir sayt olduğunu göstərməsinə kömək edir.
2025-ci il boyunca bu yanaşmanın ən çox istifadə olunan SEO məzmun strategiyalarından biri olaraq qalacağına inanıram.
Məzmunun Şəxsiləşdirilməsi
AI dövründə məzmun yaratmaq artıq çox asandır. Axtarış nəticələrində eyni mövzuları əhatə edən milyonlarla sayt tapmaq mümkündür. Bu isə Google-nin iş prinsipinə tərs olan bir vəziyyətdir. Google üçün istifadəçinin X sorğusuna cavab verən 100 sayt olması yetərlidir. Daha çoxu, Google-nin daha çox məlumat emal etməsinə, yəni daha çox xərc çəkməsinə səbəb olur.
2025-ci ildə məzmunların şəxsiləşdirilməsinin daha önəmli olacağına inanıram. Məzmuna əlavə təcrübə və dərinlik qatmaq, bir məzmunu digərlərindən ayırmaq üçün ən funksional yoldur. Bu sayədə istifadəçiyə real və faydalı məlumat təqdim etmək mümkündür.
Fərqli Trafik Kanallarına Fokuslanmaq
Google uzun müddətdir ki, bir çox SEO mütəxəssisinin gözündə güvənilməz bir axtarış motoruna çevrilib. Bu səbəbdən alternativ təbii trafik kanalları tapmaq və onlardan faydalanmaq veb sayt trafiki üçün sadəcə Google-ə bel bağlamamaq üçün çox vacibdir.
Son illərdə qlobal bazarda bir çox SEO mütəxəssisinin veb sayt trafiki üçün Pinterest, Reddit, Tumblr kimi platformalardan aktiv şəkildə faydalandıqlarını görürəm. Buna əlavə olaraq, yenə bir çox SEO mütəxəssisi işlədikləri veb saytları Google ilə paralel olaraq Bing üçün də optimizasiya etməyə çalışaraq Bing-dən də trafik çəkməyə çalışırlar.
2025-ci ildə bu tendensiyanın davam edəcəyini və daha da önəmli olacağını düşünürəm.
Daxili Linklər
Daxili linklər hər zaman üçün SEO-da ən vacib uğur faktorlarından biri olub. Bu il ərzində bir çox fərqli daxili linkləmə yanaşması görmüşəm və oxumuşam. Belə görünür ki, Google crawl büdcəsinə qənaət edən veb saytlara önəm verməyi artırdıqca, daxili linkləmə strukturu güclü olan veb saytlar axtarış nəticələrində daha yaxşı nəticə göstərməyə başlayır.
Təmkinli SEO Tətbiqləri
Bu il müşahidə etdiyim ən böyük dəyişikliklərdən biri, yeni veb sayt açmağın əvvəlkinə nisbətən çox daha çətin olmasıdır. Google axtarış motorunun crawl və indeksləmə sıxlığını azaltması, yeni veb sayt açmağı çox daha çətin hala gətirib.
Google-nin yeni saytların önünə bu qədər əngəllər qoyması, yeni veb sayt açmağı daha da çətinləşdirir. Buna qarşı olaraq SEO mütəxəssisləri yeni veb sayt açarkən daha təmkinli məzmun strategiyası izləyərək ən azından 2 il boyunca saytı yavaş yavaş böyütməyə üstünlük verirlər.
Backlink, Daha Çox Backlink
Backlink son 20 ildir olduğu kimi, bu 2024-cü ildə də ən vacib SEO faktorlarından biri olmağa davam edəcək. Əvvəlki illərlə müqayisədə 2025-ci ildə keyfiyyətsiz və spam linklərin yerini rəqəmsal PR linklərinin alacağını düşünürəm. Təbii ki, hər il belə düşünsək də, spam və keyfiyyətsiz linklərlə yüksələn saytları görüb əslində Google-nin özü ilə təzad içərisində olduğunu təkrar təkrar görürük. Lakin onu deyə bilərəm ki, bu il çox az miqdarda keyfiyyətli backlinklə sayt trafikini 2-3 qat artıran veb saytları görmüşəm və link keyfiyyətinin əvvəlki illərə nisbətən çox daha böyük fərq yaratdığını hiss edə bilirəm.