SEO Trendleri: 2024-cü il üçün 5 SEO Trendi

Bu yazı 2024-cü ildə populyarlıq qazanan SEO trendleri haqqındadır.

SEO ildən-ilə təkmilləşərək dəyişikliyə uğrayır. Dəyişməz olaraq qalan tək şey isə, SEO-nun hər il bir öncəki il ilə müqayisədə daha da çətinləşdiyidir. SEO-nun çətinləşməyinin isə bir neçə səbəbi var.

  • AI ilə yaradılan məzmunlar artdıqca, yeni və keyfiyyətli məzmunlar sıralamada arxaya düşür.
  • Böyük xəbər saytları tematik əlaqə olmadan yüksək gəlir gətirmə potensialı olan açar sözlərlə bağlı məzmunlar paylaşaraq digər saytların önünü kəsirlər.
  • Spam və keyfiyyətsiz məzmunlar digər veb saytların sıralama almasının qarşısını alır.

Bütün bu çətinliklərə daha az məruz qalmaq və bu il daha yaxşı SEO performansı əldə etmək üçün sizə bir neçə trenddən bəhs edəcəm.

#1 Sıfır axtarış həcmli açar sözləri hədəfləyin

SEO-da biz adətən yüksək axtarış həcmi olan və aşağı rəqabət dərəcəli açar sözləri hədəfləyirik. Lakin sıfır axtarış həcmli açar sözlərin böyük potensialı olduğunu unuduruq.

Bir açar sözün axtarış həcminin az olması, hədəf kütlənin o açar sözü axtarmadığını və ya həmin açar sözün əhəmiyyətsiz olduğunu ifadə etmir.

Açar sözün aşağı axtarış həcmə sahib olmasının başqa səbəbləri ola bilər.

  • Bazarınız kiçikdirsə, təbii olaraq həmin açar sözü axtaran insan sayısı da az olacaq. Hətta həmin açar sözün axtarışı 0 belə ola bilər.
  • Əgər açar sözünüz spesifikdirsə həmin açar sözün axtarışı 0 ola bilər.
  • Əgər həmin açar söz bahalı məhsul/xidmətlə əlaqəlidirsə, o zaman həmin açar sözün axtarış həcmi 0 ola bilər.

Bu və daha saymadığım bir çox səbəb açar sözün axtarış həcminin az olmasına səbəb ola bilər. Bu o demək deyil ki, biz həmin açar sözü hədəfləməməliyik.

Bir açar sözü hədəfləyərkən əvvəlcə axtarış həcminə, daha sorna isə rəqabət dərəcəsinə baxmalısınız. Semrush və Ahrefs kimi alətlər açar sözün axtarış həcmini və rəqabət dərəcəsini öyrənməyinizə kömək edir. Mən isə rəqabət dərəcəsini manual olaraq yoxlamağınızı tövsiyyə edirəm.

Bir açar söz aşağı axtarış həcminə və zəif rəqabətə sahibdirsə, o zaman onu hədəfləməkdən qaçınmayın. Bu zaman siz axtarış həcmi az belə olsa, həmin açar sözlə bağlı yüksək sıralama əldə edəcəksiniz.

Xüsusilə açar söz bahalı məhsul/xidmət tanıtımı ilə əlaqəlidirsə, bu fürsəti əldən verməmək lazımdır. Həmin açar söz sizə il boyunca sadəcə 1 satış gətirsə belə, siz həmin 1 satışı çox az enerji və investisiya qarşılığında əldə etmiş olacaqsınız.

#2 Mövcud məzmunları yeniləyin

Əgər saytınızda yer alan məzmunları hər 6 aydan bir və ya ildə heç olmasa 1 dəfə yeniləmirsinizsə, o zaman bu məzmunlarınızın sıralamasına mənfi təsir göstərə bilər.

Google sıralama alqoritmində məzmunun yeni olmasının sıralama üçün müsbət faktor olduğunu bilirik. Məzmununuzun köhnəlməsi, bu müddət ərzində istifadəçi davranışlarının dəyişməsi və nəticədə istifadəçilər üçün məzmununuzun son istifadə tarixini doldurması, həmin məzmundan əldə edəcəyiniz müsbət geri dönüşləri və satışları azaldacaq.

Məzmunlarınızı yeniləmək üçün atmalı olduğunuz addımlar çox sadədir.

Əvvəlcə 1 ildən əvvəl yayımladığınız bütün məzmunların siyahısını çıxardın. Daha sonra hər birini Google Search Console vasitəsilə audit edin. Audit zamanı məzmunlarınızın hansı açar sözlər üçün yaxşı performans göstərdiyini görəcəksiniz. Burada diqqət etməli olduğunuz əsas məqam, məzmununuzun yaxşı performans göstərmədiyi açar sözlərin siyahısını çıxarmaqdır. Bu açar sözlər istifadəçilər tərəfindən axtarılan açar sözlər olacaq. Daha sonra isə məzmununuzu bu açar sözlər üçün optimizasiya edə bilərsiniz. Məzmun daxilində yeni başlıqlar əlavə edib həmin açar sözləri istifadə etmək faydalı bir addım ola bilər.

#3 Brend siqnallarınızı gücləndirin

Daha əvvəl Google siqnallarından bəhs etmişdim. İndi isə, brend siqnallardan qısa da olsa bəhs edəcəm. 

2024-cü ildə SEO üçün ən vacib faktor nədir desəniz, şübhəsiz brendinq cavabını verərəm. Google real şirkət olmayan saytları sıralamada daha aşağı mövqeləndirir. Yeni bir saytın Google-da yaxşı nəticə göstərə bilməsi üçün ya güclü brendinqə sahib olmalıdır, ya da güclü backlinklərə.

Brendinqinizi gücləndirmək üçün sosial media reklamlarından, sosial media marketinqdən, PR-dan və başqa strategiyalardan faydalana bilərsiniz.

Eynilə, saytınızın daxilində də brendinqinizə önəm verdiyinizi Google-a göstərməlisiniz.

Bunun üçün tətbiq edə biləcəyiniz bəzi praktikalar mövcuddur.

  • Saytınızda brendinizlə bağlı bütün məlumatların yer aldığı “Haqqımızda” və “Əlaqə” səhifələri olmalıdır. Bu səhifələri hazırlayarkən səhifənin aydın başa düşülən olmasını təmin etməlisiniz.
  • PR-a önəm verin. Bacardığınız qədər başqa saytlarda öz biznesinizin adının hallanmasını təmin edin. Burada sadəcə backlink almaqdan bəhs etmirəm. Şirkət sahibinin intervyularını başqa saytlarda yayımlamaq və ya yeni əməkdaşlıqlar etmək kimi bir çox PR strategiyası mövcuddur.
  • Veb saytınızda digər sosial media kanallarınızın hamısına link verin. Eyni şəkildə, başqa nə qədər sosial media hesabınız varsa, hamısından öz saytınıza link verin.

Bu üç praktika, veb saytınızın PR-ı üçün bəzi təməl addımları ehtiva edir.

#4 Mobil uyğunluq hələ də ən vacib elementlərdən biridir

Bildiyiniz kimi, Google üçün veb saytların mobil cihazlar üçün uyğun olması ən birinci öncəlikdir. Əgər veb sayt mobil cihazda doğru açılmırsa, səhifələr doğru yüklənmirsə, sayt-daxili elementlər çox böyük və ya çox kiçikdirsə, qısacası, istifadəçinin saytla bağlı təcrübələri pisdirsə, bu saytın SEO performansı üçün mənfi haldır.

Bu il mobil uyğunluq cəhətdən zəif olan veb saytların bir çoxu son yeniləmələrdən sonra trafiklərinin böyük bir hissəsini itiriblər.

Saytınızın mobil uyğunluğunu təmin etmək üçün tətbiq edə biləcəyiniz bir neçə praktika:

  • Sayt daxilindəki reklamları azaltmaq və ya mobil cihazlardan giriş edən istifadəçilərin daha az reklam görməsini təmin etmək faydalı olacaq.
  • Məzmunların mobil cihazlarda daha aydın görülməsini təmin edin. Böyük ölçülü fontlar, şəkillərin çox böyük görünməsi, məzmun başlığının səhifənin çox aşağısında görünməsi, naviqasiya bölmələrinin çox böyük olması, məzmunların mobil cihazlarda daha aydın görülməsinin qarşısını alan problemlərdir. Bu problemləri həll edin.
  • “Core Web Vitals” problemlərini həll etməyinizi tövsiyyə edirəm. “Core Web Vitals” Google üçün bir sıralama faktorudur və saytınızın buradakı göstəricilərinin yaxşı olması, saytınızın SEO performansı üçün müsbət haldır. Saytınızın “Core Web Vitals” problemlərini Google Search Console vasitəsilə görə bilər və həmin problemləri həll edə bilərsiniz.

#5 Lokal SEO

Lokal SEO hər zaman olduğu kimi, bu il də çox vacibdir. Bu il daha çox insanın lokal SEO barədə danışdığını görürəm. Xüsusilə spesifik regionlar üçün xidmət göstərən bizneslər üçün lokal SEO böyük əhəmiyyət daşıyır.

Əgər bir markanız varsa və xidmət göstərdiyiniz hər bölgə üçün ayrı bir Google Business Profile açmayıbsınızsa, işi daha da gecikdirməyin. GBP profilinizin olması həm saytınızın SEO-su üçün, həm də daha çox müştəriyə çatmaq üçün faydalıdır.

Optimizasiya olunmuş bir GBP profili, xidmət göstərdiyiniz bölgəyə yaxın olan hədəf kütlənizə çatmaq üçün əhəmiyyətlidir. Bu sayədə istifadəçilər xidmətləriniz və ya məhsullarınızla bağlı axtarış etdiyi zaman biznesinizin əlaqə məlumatları ilə qarşılaşa bilərlər.

Yaxşı optimizasiya olunmuş bir GBP profili eyni zamanda Google üçün saytın real bir biznesə aid olduğunu göstərməyin başqa bir yoludur. GBP profilinizdə yer alan məlumatlardan istifadə edərək Schema yaradıb həmin Schema-nı saytınıza tətbiq edə bilərsiniz. Eynilə, həmin məlumatları istər backlink aldığınız saytlara istərsə də kataloq saytlarına yerləşdirərək saytınızın səhifə-xarici SEO-sunu gücləndirə bilərsiniz.

SEO Trendleri: Nəticə

Bu il SEO bir əvvəlki il ilə müqayisədə daha da çətinləşib. Əgər SEO-da uğurlu olmaq istəyirsinizsə, SEO optimizasiya prosesini məzmun-backlink düşüncəsindən ayırmaq və daha fərqli strategiyaları tətbiq etməyə başlamaq sizin üçün daha faydalı olacaq. Yeni trendləri izləmək, SEO-da ortaya çıxan yeni konsepsiyaları anlamaq və tətbiq etmək, biznes yönümlü düşünmək və brendinqə daha çox önəm vermək SEO-da uğura gedən yolda sizə kömək edəcək.